08 May, 2017

ŞUŞANIN İŞĞALININ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI

Şuşa şəhərinin işğal günü münasibətilə məktəbdə toplantı keçirilmişdir. Toplantını giriş sözü ilə məktəbin direktoru A.Əzizova açaraq, xalqımızın cəlb olunduğu ədalətsiz müharibədən, itirdiklərimizdən bəhs etdi. Daha sonra əslən Qarabağlı olan məktəbin fizika müəllimi H.Telli xanım hadisələrin canlı şahidi olaraq, gördüyü dəhşətli hadisələrdən, əsgərlərimizin rəşadətindən qaçqın, didərgin düşmüş yurddaşlarımızın qarşılaşdığı dözülməz həyat şəraitindən danışdı. Məktəbin tarix müəllimi, direktor müavini E.Ələndərovanın çıxışında “Qarabağ müharibəsi”nin xalqımızın tarixinə yazılmış qanlı səhifələrdən olduğunu vurğuladı. Qarabağ dərdi – bu günümüzün ağrılı reallığı olsada biz qəhrəmanlıq dolu keçmişimizi də unutmamalıyıq. Sabah “9 may Qələbə Günü” faşizm üzərində qalibiyyət günüdür. Bu böyük qələbədə Azərbaycan xalqı istər arxa, istərsə də ön cəbhədə ağılasığmaz qəhrəmanlıqlar göstərmişlər. Bütün sərvətlərilə, canlı qüvvəsiylə qələbəni yaxınlaşdıran Vətənimizin, bu böyük tarixi hadisədə önəmli yeri var. Toplantı iştirakçıları əminliklərini bildirdilər ki, işğal altında qalan torpaqlarımızın azad olunacağı zəfər günü uzaqda deyil. Böyüyü ilə kiçiyi ilə, azıyla, çoxuyla hər kəs o böyük günün yaxınlaşması üçün əlindən gələni əsirgəməməlidir. Tökülən qanlar, verilən canlar hər bir əsgərimizin qalibiyyət yolunda yolçusu olduğunun bariz nümunəsidir. Hər kəs əmindir ki, çox keçməyəcək “Qarabağ azanı”nın ilahi səsi Qarabağ məscidlərindən ucalaraq uca dağlarımızda əks – səda verəcək. “Qarabağ şikəstəsinin” əzəmətli səsi gecələrin lal sükutunu pozacaq, Qarabağ çəmənlərinin nazlı gözəli “Xarı bülbül” əldən - ələ gəzəcək. Bax o zaman uğrunda can verən şəhidlərin narahat ruhları əbədi rahatlıq tapacaq, minlərlə yurdsuz didərginlərimiz ata – baba ocaqlarının sakinləri olacaqlar.

10 May, 2017

event