About

251 nömrəli məktəb 1 sentyabr 1974-cü ildə rus bölməsi ilə fəaliyyətə başlamışdır. 1991-ci ildən başlayaraq məktəbdə rus bölməsi ilə yanaşı, Azərbaycan bölməsi də fəaliyyət göstərir. Məktəb öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Təhsil Qanununu, müvafiq qanunvericilik aktlarını, ümumtəhsil məktəblərinin nümunəvi əsasnaməsini, bu Nizamnaməni və digər aidiyyatı normativ sənədləri rəhbər tutur. Məktəbimizdə 1528 şagirdin təlim – tərbiyəsi ilə 78-i qadın, 8-i kişi olmaqla 86 müəllim məşğul olur. Məktəbimizdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2 Əməkdar müəllim və 2 Tərəqqi medalı ilə təltif olunmuş müəllimimiz var. Məktəb daxilində keçirilən tədbirdə fərqləndiyinə görə 3 müəllimimiz "Fəxri Fərman" ilə təltif olunmuşdur. Mütəmadi olaraq məktəbin fəaliyyətini təmin edən inkişafetdirici rejimdə işləməsinə zəmin yaradan, keyfiyyət göstəricilərinin yüksədilməsinə xidmət edən təşkilati – pedaqoji kompleks tədbirlər həyata keçirilir. Məktəbin pedaqoji kollektivinin hər bir üzvü ölkədə gedən quruculuq işlərində, eləcə də dövlət rəhbərinin məktəblərə göstərdiyi diqqət və qayğıya cavab olaraq bütün yerli və Beynəlxalq treninqlərdə, konfranslarda, sərgilərdə, kurikulum islahatının uğurla həyata keçməsində yaxından iştirak edir. Metodiki işin müasir tələblər səviyyəsində qurulması, qabaqcıl təcrübənin öyrənilməsi, yayılması və işdə tətbiq edilməsi il ərzində həyata keçirilir. Bu baxımdan fənn aylıqları, açıq dərslər, nümunəvi elektron dərslərin hazırlanması və respublika səviyyəsində yayılması diqqət mərkəzində olur. Məktəbin fəaliyyət göstərdiyi illər ərzində Bakı şəhəri üzrə yüksək bal toplayan məzunlarımız olmuşdur. Onlardan 1 nəfər qızıl medala, 3 nəfər gümüş medala layiq görülmüşlər. 2012 – ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə məktəbdə əsaslı təmir işləri aparılmışdır. Məktəbdə müasir tələblərə uyğun fənn laboratoriyaları, fənn kabinetləri, linqafon kabinetleri, informatika kabinetləri, akt zalı, idman zalı, yeməkxana, idman meydançası, tibb kabineti və hərbi kabinet şagirdlərin istifadəsinə verilmişdir. Məktəb lazımi avadanlıqlarla və kompüterlərlə təmin olunmuşdur.